Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəngişalı kənd Mədəniyyət evinində Qarabağ Şəhidlərinə həsr olunmuş anım tədbiri keçirildi

07.10.2021

07 Oktyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən şəhid Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin və MKS-nin 30 saylı kitabxanasının işçilərinin təşkilatçılığı ilə, 44 günlük Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunmuş "Qayıdan  Torpaqlarımızın Qayıtmayan Oğulları" adlı tədbir keçirildi. Tədbir,  Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evində baş tutdu. Tədbirin iştirakçıları Ağdam Mədəniyyət mərkəzinin tabeliyində fəaliyyət göstərən mədəniyyət işçiləri, Heydər Əliyev Mərkəzinin Fond müdiri Elçin Cəfərov, Əlağalı kənd Mədəniyyət evinin metodisti Reyhan Əliyeva, qazi və şəhidlərimizin ailə üzvləri idi. Tədbiri giriş sözü ilə açan Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev, ilk növbədə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra qəhrəman oğullarımızın Vətən torpağını 30 illik işğaldan azad etmək uğrunda Müzəffər Ali Baş Komandanımız, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında apardığı 44 günlük müharibədən, onların Azərbaycan tarixində açdığı şanlı zəfər səhifəsindən danışdı:"Bu oğullar, bütün varlıqları ilə torpaqlarımızın azadlığı uğrunda döyüşə atıldılar. Gənc uşaqlar idilər bizim gözümüzdə. Çoxunun doğum günləri cəbhədə, səngərdə, döyüşdə oldu. Heç düşünmədilər bu barədə. Evdə körpə övladları, həyat yoldaşları qaldı. Yalnız vətəni düşündülər.Hər gün həyəcanla, göz yaşları içində, sevinərək, ağlayaraq əsgərlərimizin şücaəti, qələbələri haqqında xəbərləri dinlədik, mənən yanlarında olduq .Əlimizdən gələn köməyi vuruşan, döyüşən oğullarımıza və onların bizə əmanət etdikləri ailələrinə etməyə çalışdıq. Düzdür, onların canları, qanları bahasına , gecə-gündüz demədən mənfur düşmənlə vuruşmağı ilə müqayisədə bunlar çox cüzi şeylərdir. Amma Ali Baş Komandanımızın ətrafında sıx birləşərək, dövlət - xalq birliyini nümayiş etdirdik, "Dəmir Yumruq" olduq. Düşmənə qısa müddətdə sarsıdıcı zərbələr vuran şanlı ordumuzun qəhrəman əsgər və zabitləri arasında itkilərimiz olanda, dözmək çətindir. Bunu heç istəmədik. "Şəhidlik zirvədir" deyirlər. Şəhidlərimiz o zirvəni ən ali məqama, ən müqəddəs ziyarətgahımıza, and yerimizə çevirdilər. Dastanlara sığmayan şəhid balalarımızın xatirəsi, hər zaman qəlbimizdə yaşayacaqdır. Əlağalı kənd Mədəniyyət evinin təşkilatçısı Aynurə Cəfərova çıxış üçün söz alaraq, II Qarabağ müharibəsində tarixi qələbəmizin Azərbaycan dövlətinin dünyada və regionda nüfuzuna necə yüksək təsir etdiyini vurğuladı. Şair Vəliyəddin Adil Ağdamlı, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımızın doğmalarına səbir dilədi, şəhidlərimizin xatirəsinə həsr etdiyi  "Qayıdan torpaqların qayıtmayan oğulları" adlı şeirini səsləndirdi. Daha sonra Papravənd kənd Mədəniyyət evinin direktoru İkrəm Qələndərov, qazi İlham Məmmədov, şəhid bacısı Səidə Varşabova, Reyhan xanım, Aidə Ələsgərova və 30 saylı  kitabxananın müdiri Gülbəniz xanım çıxış edərək, şəhidlərimizin xatirəsinə ehtiramlarını ifadə etdilər. Tədbir iştirakçıları, torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhidlik zirvəsinə ucalmış vətən oğullarına, bu yolda sağlamlıqlarını itirmiş qazilərimizə  hörmət və ehtiramlarını ifadə edərək, bu mövzuda silsilə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd etdilər.