Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dahi bəstəkar Üzeyr Hacıbəyovun 136 illik yubileyi münasibətilə Ev-Muzeyini və məzarı ziyarət edilib

17.09.2021

17 Sentyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin müəllim kollektivi, dahi bəstəkar Üzeyr Hacıbəyovun 136 illik yubileyi münasibətilə Ev-Muzeyini və məzarını ziyarət ediblər.

Üzeyir Hacıbəyli - mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir, Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət “İslamiyyə”, “Təbriz” mehmanxanalarında və kirayədə yaşayır. “Leyli və Məcnun” operasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də, Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində opera sənətinin əsası qoyulur. O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.  

 

Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.

 

Musiqi - insan qəlbini fəth edən, daxili aləmə təsir göstərən ecazkar gücdür.Duyğuları fərqli üsulla çatdıran hiss xəzinəsi, hiss dəryasıdır. Ən əsası, böyük mədəniyyətdir.

Biz Azərbaycanlıları bu mədəniyyətə qovuşduran dahinin ruhu şad olsun!

Üzeyir Hacıbəyli sayəsində doğulan peşəkar musiqi-bəstəkarlıq sənəti əbədi yaşasın və bu gözəl bayramın mübarək olsun, Azərbaycan!