Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor İsa Həbibbəyli Həmidə xanım Məmmədquluzadənin ev muzeyini ziyarət etdi

17.09.2021

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor İsa Həbibbəyli Ağcabədi rayonunun Kəhrizli kəndində yerləşən Həmidə xanım Məmmədquluzadənin ev muzeyində olmuş, Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrin rəhbərləri, muzeyin əməkdaşları ilə görüş keçirmişdir. O Həmidə xanımın Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmaqla bərabər onun silahdaşı olduğunu vurğulamış, "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusundakı doktorluq dissertasiyası üzərində işlədiyi dövrlərindən bu günə qədər ömrünün Mirzə Cəlillə bağlı hissəsi barədə ətraflı məlumat vermişdir. Həmin dissertasiya işində Mirzə Cəlillə yaxından-uzaqdan əlaqəsi olan, hətta bəlkə bir yazışmada adı keçən, ancaq ədəbi mühitdə heç bir xüsusi izi qalmayan bütün şəxslərin Azərbaycanla yanaşı digər ölkələrdə yaşayan nəslinin nümayəndələrini də axtarıb tapdığını, müxtəlif ölkələrdə səfərləri zamanı onlarla görüşdüyünü qeyd etmişdir. O Həmidə xanım Məmmədquluzadənin ev muzeyində olmağını “Müqəddəs ziyarət” adlandırmış, 40 il bundan öncə çıxdığı yola Həmidə xanım Məmmədquluzadənin ev muzeyində olmaqla davam etdiyini bildirmişdir.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Q.Həsənov söhbət zamanı Azərbaycan elmi mühitində özünəməxsus yeri olan İsa Həbibbəyli yaradıcılığı barədə məlumat vermis, onun yaradıcılığında ən böyük yerlərdən birinin Cəlil Məmmədquluzadənin tutduğunun birmənalı olduğunu qeyd edərək, İsa Həbibbəylinin elmi yaradıcılığına dəyərli elm adamlarımız, yaratdığı elmi məktəbin davamçıları, tələbələri, təsirində olduğu ictimai mühitin qələm sahibləri tərəfindən qiymət verildiyi, amma şübhəsiz, Mirzə Cəlil Məmmədquluzadənin şəxsiyyəti və yaradıcılığının İsa Həbibbəylinin tədqiqatının tam mərkəzində dayandığını qeyd edilmişdir.

İsa Həbibbəyli Həmidə xanım Məmmədquluzadənin ev muzeyindəki eksponatlarla tanış olmuş, müəllifi olduğu kitabları muzeyə hədiyyə etmişdir.