Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə orta məktəbdə mühazirə təşkil edilmişdir

27.10.2021

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər planına uyğun olaraq, Mərkəzin əməkdaşları tərəfindən Ağdam rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərən orta  məktəblərdə  dövlət müstəqilliyinin bərpası və qorunub-saxlanılması istiqamətində  mühazirələrin təşkili davam edir. 27 oktyabr 2021-ci il tarixdə, Ağdam  rayon  18 saylı köçkün tam orta məktəbində növbəti mühazirə təşkil edildi. Ağdam rayon Heydər Əliyev Mərkəzinin Fond mühafizi Elçin Cəfərov, şagirdlərə müstəqilliyimizi qazanmağımız və onu qoruyub-saxlamaq uğrunda apardığımız mübarizə haqqında ətraflı məlumat verdi. O bildirdi ki, 2-ci dəfə müstəqilliyimizi 1991-ci il oktyabr ayının 18-də rəsmən elan etsək də, ölkədə baş verən siyasi boşluq bizi azadlığımızı yenidən əlimizdən almaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir vaxtda Azərbaycan xalqının təkidli tələbi ilə, Ulu Öndər Heydər Əliyev 2-ci dəfə hakimiyyətə gəldi və bununla müstəqilliyimizi qorumuş olduq. Daha sonra 44 günlük Vətən müharibəsi haqqında danışan Elçin Cəfərov bildirdi ki, bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qələbə olmaqla yanaşı, eyni zamanda müstəqilliyimizin davamlı olması və ölkəmizin inkişafı yolunda mühüm hadisədir. Bu qələbəni bizə bəxş edənlər isə, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident Cənab İlham Əliyev və Azərbaycan Ordusudur.