Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağcabədi Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Laçın

Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Xankəndi dəmir yolu stansiyasından isə 60 km məsafədə yerləşir.
Ümumi sahəsi 1835 km2 olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.
Rayonun əhalisi 01 yanvar 2013-cü il tarixə 72.2 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycanlılar, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.
Rayon əhalisinin 35.7 min nəfəri kişilər, 36.0 min nəfəri isə qadınlardan ibarətdir. Rayon üzrə ali təhsillilər 4346 nəfər, orta ixtisas təhsillilər 3882 nəfər, orta təhsillilər 28340 nəfər, heç bir təhsili olmayanların sayı isə 1005 nəfər təşkil edir.
Rayonun yaşı 85-dən yuxarı olanların sakinlərinin sayı 669 nəfər, yaşı 100-ü keçənlərin sayı isə 16 nəfərdir.